"Bayden və ətrafı "bütün gözlənilməz hallara hazırlaşır" - “Politico”
İsrail Qəzza zolağında ABŞ-ın məsləhətlərinə baxmayaraq, öz planlarına uyğun əməliyyatlar həyata keçirir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.
Nəşr yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Fələstin-İsrail münaqişəsi fonunda iki problemi həll etməlidir: hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq və eyni zamanda Qəzzada quru əməliyyatlarının keçirilməsində İsrailə dəstək vermək.
Qəzet bu əməliyyatların Vaşinqtonun tövsiyələrindən “daha irəli getdiyinə” diqqət çəkir. Xüsusilə, ABŞ İsrailin Qəzzanı belə genişmiqyaslı bombalamasını və anklavda internetin kəsilməsini istəmirdi. Vaşinqton Təl-Əviv hakimiyyət orqanlarından kommunikasiyaları bərpa etməyi və hava hücumlarını daha dəqiq həyata keçirməyi xahiş etməli olub.
Amerika rəsmilərindən biri qəzetə deyib ki, “Bizim anladığımız kimi, onlar öz planlarını həyata keçirirlər”.
Nəşrin həmsöhbəti həmçinin qeyd edib ki, “ABŞ-ın etdiyi hər şey eskalasiyanın qarşısını almaq məqsədi daşıyır”. O, əlavə etdi ki, Bayden və ətrafı "bütün gözlənilməz hallara hazırlaşır".
NƏRGİZ