Almaniya qaçqınların işini ASANLAŞDIRIR

 14:25 02.11.2023     230

Almaniya Daxili İşlər Nazirliyinin ölkədəki qaçqınların işləməsini asanlaşdırmaq üçün hazırladığı qanun layihəsi Nazirlər Şurasında qəbul edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Nensi Feyzer Berlində verdiyi bəyanatda deyib.

Nazrir bildirib ki, onlar sığınacaq axtaranların və tolerantlıq sənədi (Duldung) ilə ölkədə yaşayanların tənzimləmə ilə əmək bazarına daha erkən və asan girişini təmin etmək istəyirlər.

Feyzer, “Biz Almaniyada yaşayanların potensialından və keyfiyyətlərindən ən yaxşı şəkildə istifadə etmək istəyirik. Bu səbəbdən bu insanların mümkün qədər tez işləməsini təmin etməliyik”,- deyə bildirib.

Tənzimləmənin Almaniyada qalma perspektivi olanlar üçün keçərli olacağını bildirən Feyzer, kimliklərini açıqlamaqdan imtina edən sığınacaq axtaranların bu tənzimləmədə yer almayacağı məlumatını bölüşüb. O qeyd edib ki, qanun layihəsi insan alveri cinayətləri üçün ən azı bir il həbs cəzası nəzərdə tutur, ölümlə nəticələnən insan alveri halları üçün isə ömürlük həbs mümkün ola bilər.

Qanun layihəsinə görə, ilk qəbul mərkəzlərində olan sığınacaq axtaranlara ən geci 6 ay sonra iş icazəsi, tolerantlıq sertifikatı (Duldung) ilə ölkədə olanlara isə ümumiyyətlə, iş icazəsi veriləcək. Qısa müddətdə deportasiya ediləcək insanlar bu tənzimləmədən kənarda qalacaqlar.

Mümkün qədər çox insanın işləməsi üçün həftəlik minimum iş saatı 36 saatdan 20 saata endiriləcək.

Bu tənzimləmədən yararlanmaq istəyənlər alman dilini bilməli, ekstremist təşkilatlarla heç bir əlaqəsi olmamalı və cinayət törətmiş olmamalıdır. İnsan alveri cinayətlərinə görə də cəzalar sərtləşdiriləcək.

Buna uyğun olaraq insanların həyatını təhlükəyə atan qaçaqmalçılara ömürlük və ya gələcəkdə 10 ildən 15 ilədək, polis məntəqələrindən qaçma kimi cinayətlərə görə isə 1 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur. Bundan əlavə, polis və prokurorlara qaçaqmalçılıq cinayətlərinə aydınlıq gətirmək üçün telekommunikasiyalar vasitəsilə rabitələri dinləmək səlahiyyəti veriləcək.

Qanun layihəsi Bundestaqa göndəriləcək.(Publika)