Bayden ABŞ-ı yoxsul ölkəyə çevirəcək - Tramp
Keçmiş Amerika lideri Donald Tramp ABŞ-ın hazırkı, 46-cı prezidenti Co Baydeni ölkəni bütün müttəfiqlərdən təcrid etməkdə ittiham edib.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, Tramp bu barədə noyabrın 2-də Texas ştatının Hyuston şəhərində seçki kampaniyası çərçivəsində çıxışı zamanı bildirib.
“Onlar (müttəfiqlər - red.) hamısı Çin və Rusiya ilə bağlıdır. Biz hamısını itirmişik və indi təcrid olunmuşuq. Ancaq narahat olmayın, hamısını geri qaytaracağam”,- deyə o, qeyd edib.
Bundan əlavə, Tramp bildirib ki, hazırkı prezident Bayden ABŞ-ı elektrik enerjisi ilə fasilələrlə təmin edən yoxsul ölkəyə çevirəcək.
Bundan əvvəl, oktyabrın 21-də Tramp ABŞ-ın hazırkı Amerika liderinin səriştəsiz siyasəti ucbatından üçüncü dünya müharibəsinə doğru getdiyini bildirmişdi. O qeyd edib ki, Bayden "nə baş verdiyini bilmir".
Həmidə İBRAHİMLİ