"Erməni həmkarlarımız gec-tez Roma Statutuna qoşulmaq qərarından əl çəkməli olacaqlar" - Rusiya

 10:08 03.11.2023     233

Əgər biz sülh şəraitində, mehriban qonşuluq şəraitində yaşamaq, bir-birimizə yardım və qarşılıqlı dəstək göstərmək istəyiriksə, düşünürəm ki, erməni həmkarlarımız gec-tez Roma Statutuna qoşulmaq qərarından əl çəkməli olacaqlar.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bu fikri Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

"Düşünürəm ki, bizimlə Ermənistan arasında Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı əlavə razılaşma olmayacaq. Biz bu strukturu ümumiyyətlə tanımırıq. Nəyə görə biz bu məsələ ilə bağlı hansısa yeni sazişi müzakirə etməliyik?" - o bildirib.

Bildirək ki, oktyabrın 3-də Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasına səs verib. Bu qərarın lehinə 60, əleyhinə isə 20 deputat səs verib. Məsələnin müzakirəsini boykot edən müxalif “Ermənistan” və “Mənim namusum var” fraksiyaları iclas zalına qayıdıb və əleyhinə səs veriblər. Onlar qeyd ediblər ki, sənədin qəbul edilməsinin Ermənistanın maraqları ilə heç bir əlaqəsi yoxdur və geosiyasi məqsədlər güdür. Moskvada Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım adlandırırlar. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin dediyi kimi, bir müddət əvvəl Rusiyanın ali rəhbərliyinin nümayəndələrinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin ədalətlə heç bir əlaqəsi yoxdur, o, siyasiləşmiş qərbyönlü strukturdur. 

Öz növbəsində Paşinyan bildirib ki, İrəvan öz xarici siyasət vektorunu dəyişmir. O qeyd edib ki, Roma Əsasnaməsinin ratifikasiyası məsələsi heç bir şəkildə Rusiyaya qarşı yönəlməyib. Onun sözlərinə görə, Roma Əsasnaməsi ayrı-ayrı ölkələrlə münasibətləri ikitərəfli əsasda tənzimləmək imkanı verir.

NƏRGİZ