İraq və Suriyada ABŞ-ın hərbi bazalarına hücum edildi

 23:09 06.11.2023     295

Silahlı şiə qüvvələri Suriya və İraqda ABŞ-ın dörd hərbi obyektinə altı hücum həyata keçirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İraq İslami Müqavimət Hərəkatı məlumat yayıb.

Bildirilir ki, İraqın qərbində yerləşən Amerika hərbi bazası Ayn əl-Əsəd üç dəfə ardıcıl hücuma məruz qalıb. Bundan əlavə, hərəkat bildirir ki, şiə qüvvələri İraq Kürdüstanında (İraqın şimalındakı muxtar bölgə) Ərbil inzibati mərkəzinin şimalında yerləşən ABŞ bazasına hücum edib. Həmçinin ABŞ və Qərb koalisiyasının Suriya ilə sərhəddə yerləşən Tanf qəsəbəsindəki hərbi obyektinə və Hasəkənin inzibati mərkəzinin şimalında (Dəməşqdən 620 km) yerləşən Tell Beidare bazasına hücum edilib. Hücumların nəticələri barədə məlumat verilmir.

Qeyd edək ki, nNoyabrın 5-də ABŞ dövlət katibi Entoni Blinken Bağdada səfəri zamanı İraqın baş naziri Məhəmməd əl-Sudanidən ABŞ ordusuna qarşı davam edən hücumlara görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını tələb edib. Onun sözlərinə görə, İraq hökuməti Amerika hərbçilərinin yerləşdiyi bütün qurğuların qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.

Bundan əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, oktyabrın 17-dən bu yana regiondakı Amerika bazalarına ümumilikdə 28 hücum olub. Öz növbəsində Pentaqonun rəhbəri Lloyd Ostin Yaxın Şərqdə ABŞ qüvvələrinə İranın dəstəyi ilə həyata keçirilən hücumlara son qoyulmasını tələb edib. Ostinin sözlərinə görə, bu hücumlar nəticəsində 21 əsgər yaralanıb.

T.İSMAYIL