“Necə utanmırsan, Antonio Quterreş?" - İsrailin xarici işlər naziri Eli Koen
BMT-nin Baş katibi Antonio Quterreş Nyu-Yorkda Qəzzaya və digər Fələstin ərazilərinə kömək üçün BMT-nin 1,2 milyard dollarlıq maliyyə vəsaiti toplama layihəsinə rəsmən start verərək, Qəzza zolağının mülki şəxslərə humanitar yardım çatdırmaq üçün dərhal atəşkəs çağırışını təkrarlayıb.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, o, həmçinin son onilliklərdə heç bir münaqişədə baş verməyən, İsrail-Fələstin arasında son eskalasiya nəticəsində rekord sayda jurnalistin öldürüldüyü barədə dəhşətli statistika təqdim edib.
Quterreş BMT-nin 80-dən çox əməkdaşının ölümü barədə də məlumat verib. Qəzzanın "uşaq qəbiristanlığı"na çevrildiyini bildirərək bunu görünməmiş hadisə adlandırıb.
“Nə etməli olduğunuz aydındır. Təcili humanitar atəşkəs elan olunmalıdır. Bütün tərəflər beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir”, - deyə o bildirib.
İsrailin xarici işlər naziri Eli Koen özünün "X" sosial şəbəkə hesabında BMT baş katibinin Qəzza zolağının “uşaq qəbiristanlığına” çevrilməsi ilə bağlı sözlərinə cavab verib.
“Necə utanmırsan, Antonio Quterreş? Qəzza zolağında 30-dan çox azyaşlı, o cümlədən 9 aylıq körpə, azyaşlı uşaqlar və valideynlərinin soyuqqanlılıqla qətlə yetirilməsinə şahid olan uşaqlar öz iradələri əleyhinə saxlanılır. Qəzza zolağında problem İsrailin bu terror təşkilatını məhv etməyə yönəlmiş hərəkətləri deyil, HƏMAS-dır”, - yəhudi xarici işlər naziri yazıb.
NƏRGİZ