İranda son bir ildə 659 nəfər edam olunub
İranda 12 ayda (2022-ci il oktyabrın 10-dan 2023-cü il oktyabrın 8-dək) azı 659 vətəndaş edam olunub, onların 17-si qadın, biri isə uşaqdır.
Redaktor.az xəbər verir ki, məlumatı “ir.voanews” yayıb.
Bildirilib ki, bu, 12 ay əvvəlki göstərici ilə müqayisədə 24 faiz çoxdur.
Məlumata görə, İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymaninin qatili də edam edilib.
Abbas Əli Süleymani 2023-cü ilin aprelin 26-da Mazandaran əyalətinin Babolsar şəhərində bankda silahlı hücum zamanı öldürülüb. O, Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi. Abbas Əli Süleymani əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan əyaləti üzrə nümayəndəsi olub.
Bildirilib ki, BMT-nin baş katibi Antoniu Quterreş Baş Assambleyaya İranda insan hüquqlarını vəziyyəti ilə bağlı verdiyi son hesabatda müxtəlif adlar altında edamların sayının artdığını vurğulayıb. O, Tehran hakimiyyətini edamları dərhal dayandırmağa, məhbusları, o cümlədən qadınlar, qızlar, vəkillər, jurnalistlər və hüquq müdafiəçilərini dərhal azadlığa buraxmağa çağırıb.