Ukrayna qoşunları Dneper çayını keçdi - Ağır döyüşlər gedir

 13:45 16.11.2023     255

Ukrayna qoşunları Dnepr çayını keçərək Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş ərazilərində əməliyyata başlayıb. 

Redaktor.az bölgədəki ən son vəziyyəti təqdim edir.

Ukrayna rəsmiləri bildirib ki, qoşunlar Dnepr çayının şərq sahilində "hər ehtimala qarşı" dayaq yaradıb. Məlumata görə, Ukrayna qoşunları Rusiya qüvvələrini çayın şərq sahilindən geri çəkilməyə məcbur etməyə çalışır.

Hərbi ekspert Oleksandr Kovalenko "RBK Ukraine"yə bildirib ki, şərq sahilində nəzarətin artması "rus işğalçılarının hərəkətliliyini və imkanlarını əhəmiyyətli dərəcədə azaldır". 

Xerson vilayətinin Moskvanın nəzarətində olan hissəsinin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Vladimir Saldo qeyd edib ki, Ukrayna qüvvələri çayı keçib, lakin böyük itkilər verir. Onun sözlərinə görə, Ukrayna qüvvələri kiçik qruplar şəklində dəmir yolu körpüsündən təxminən 20 km məsafədə yerləşən Krınki kəndinə qədər olan ərazidə görünüb.

"İndi bizim əlavə qüvvələrimiz gətirilib. Düşmən Krınkidə tələyə düşüb və onlar üçün cəhənnəm hazırlanıb: bombalar, raketlər, ağır alov sistemləri, artilleriya mərmiləri və pilotsuz uçuş aparatlatı", - Saldo bildirib. O, Ukraynanın hücumunun qarşısının alınacağını vurğulanıb. Krınki kəndi Ukraynanın bir il əvvəl geri aldığı Xerson şəhərindən təxminən 30 km şimal-şərqdə, Dnepr çayının yaxınlığında yerləşir.

Ukraynanın cənub hərbi komandanlığının sözçüsü Natalia Humenyuk cəbhə xəttini "kifayət qədər axıcı" adlandırıb və Kiyev qüvvələrinin Rusiya qoşunlarına təzyiq etdiyini bildirib. "Hələlik biz məlumatlar barədə sükuta üstünlük verəcəyik... bu, bizə daha sonra böyük uğurlar haqqında məlumat verməyə imkan verəcək", - sözçü əlavə edib.

"Bütün ehtimallara baxmayaraq, Ukraynanın müdafiə qüvvələri Dnepr çayının sol (şərq) sahilində möhkəmlənməyə nail olub", - Ukraynanın Baş Qərargah rəisi belə deyib.

Rusiya ordusu keçən həftə Ukraynanın şərq sahilində və yaxınlıqdakı adalarda möhkəmlənmək cəhdinin qarşısının alındığını bildirmişdi.