Berlində Şuşaya həsr olunan kitab təqdim edildi
Berlin şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində türkoloq alim, nəsimişünas, Qafqaz regionunun tədqiqatçısı, Almaniyanın Giesen Universitetinin dosenti Dr. Mixael Reynhard Hessin müəllifi olduğu “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabın təqdimat mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Redaktor.az-a verilən məlumata görə, siyasi elmlər doktoru Qurban Ələkbərovun moderatorluğu ilə keçirilən tədbirdə Berlin, Ştutqart, Köln şəhərlərində yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və alman alimləri iştirak ediblər.
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, bu nəşr Avropada Şuşanın tarixi və mədəni irsi haqqında yüksək səviyyədə yazılmış ilk kitabdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində iştirak edən soydaşlarımıza və alman dostlarımıza minnətdarlığını bildirib. Hessin ölkəmizlə əlaqələrinin yaranmasından danışıb və alimin ingilis, alman dillərində nəşr olunan kitabında əsaslandırılmış, təkzibolunmaz tarixi faktların və elmi fikirlərin yer aldığını vurğulayıb. Qeyd edib ki, bu kitablar Avropa cəmiyyətinin Azərbaycan həqiqətləri haqqında məlumatlandırılmasında çox ciddi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Komitə Azərbaycan həqiqətlərinin dünyada geniş yayılması işini davam etdirir və bu baxımdan Azərbaycan tarixini olduğu kimi əks etdirən “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının müxtəlif ölkələrdə təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatçılığı ilə hazırlanmış “Şuşanın tarixi” (“History of Shusha”) adlı filmin nümayişi ilə davam edib.
Dr. M.R.Hess çıxışında kitabın yaranma ideyasından danışıb, əsas məqsədiinin Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini oxucuların diqqətinə çatdırmaq olduğunu qeyd edib.