"Qəzzada minlərlə xəstə risk altındadır" - ÜST

 18:12 21.11.2023     201

Qəzza zolağında beş yaşa qədər uşaqlarda ishal hallarının sayı 2022-ci ilin aylıq göstəriciləri ilə müqayisədə 31 dəfə, beş yaşdan yuxarı uşaqlarda isə 104 dəfə artıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"Səhiyyə sistemi minlərlə yaralı, ağır xəstə və ishal, tənəffüs yoluxucu infeksiyalar kimi xəstəliklərin öhdəsindən gəlmək üçün mübarizə aparır, eyni zamanda su, yanacaq, qida, elektrik enerjisi və dərmanla təminat yoxdur".

Lindmayerin vurğuladığı kimi, oktyabrın 7-dən indiyədək təxminən 49 min ishal halı qeydə alınıb. Bu halların yarıdan çoxu beş yaşdan kiçik uşaqlarda müşahidə olunur. Belə ki, beş yaşa qədər uşaqlar arasında 31 dəfə, beş yaşdan yuxarı uşaqlar arasında isə 104 dəfə artım qeydə alınıb.

ÜST rəsmisi bildirib ki, Qəzzada minlərlə xəstə risk altındadır. Söhbət 2 mindən çox xərçəng xəstəsi, mindən çox dializə ehtiyacı olan, 50 min ürək-damar xəstəliyi və 60 mindən çox diabet xəstəsindən gedir.

NƏRGİZ