Ermənistanda narkotik laboratoriyası aşkar edildi
Ermənistan polisi İrəvanda narkotik laboratoriyası aşkarlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, laboratoriya Nork-Maraş inzibati rayonunda fərdi evlərdən birində yerləşirdi. Noyabrın 17-də polis xüsusi təyinatlıları orada axtarış aparıblar.
Evdən plastik qabda 8 qutu marixuana, üzərində narkotik vasitələrin izləri olan tərəzi, 264 qram “kristal”, 218 ədəd çətənə kolu və bir kisə çətənə yarpağı aşkar edilib.
Bundan əlavə, ultrabənövşəyi lampalar, havanı nəmləndirən qurğular, gübrələr, ümumi çəkisi 6 kq olan qurudulmuş maddələr (ehtimal ki, marixuana) aşkar edilib.
Evin bütün otaqları narkotik vasitələr yetişdirmək və emal etmək üçün istifadə olunurdu.
Evi 37 yaşlı kişi kirayələyib. O, 36 yaşlı əcnəbi ilə birlikdə qanunsuz bitkilər yetişdirib və narkotik maddələr istehsal edib. İndi polis onları axtarır (report).