HƏMAS girov saxladığı üç yaşlı amerikalı qızı azad edəcək

 15:20 22.11.2023     269

HƏMAS oktyabr ayında silahlıların yəhudi yaşayış məntəqələrinə hücumları zamanı valideynləri öldürülən amerikalı qadın da daxil olmaqla üç amerikalını girovluqdan azad edəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

Onlar arasında Alyaska senatoru Liza Murkovskinin diqqətini çəkən üç yaşlı Abigail Mor İdanda var. Siyasətçinin sözlərinə görə, silahlı şəxslər oktyabrın 7-də Abigailin valideynlərini öldürüb və onu girov götürüblər. "Alaska Public Media" portalının məlumatına görə, qızın iki vətəndaşlığı var - ABŞ və İsrail.

Noyabrın 21-də Vaşinqton administrasiyasının rəsmisi bildirib ki, İsraillə razılaşmaların həyata keçirilməsinin ilk mərhələsində HƏMAS hərəkatı tərəfindən azad ediləcək girovlar arasında ən azı üç amerikalı da olacaq. ABŞ dövlət katibi Antoni Blinken daha sonra HƏMAS-ın bir neçə amerikalını azad edəcəyini təsdiqləyib. “The New York Times” qəzeti girov mübadiləsinin noyabrın 23-dən tez baş tutmayacağını yazıb.

İsrail hökuməti noyabrın 22-nə keçən gecə çoxsaatlıq xüsusi iclasdan sonra Qəzza zolağından ən azı 50 girovun 4 gün ərzində geri qaytarılmasını nəzərdə tutan planı təsdiqləyib. Bundan sonra anklavda hərbi əməliyyatlar bərpa olunacaq. İsrail Ədliyyə Nazirliyi noyabrın 22-də səhər saatlarında müqavilə çərçivəsində azad oluna biləcək 300 fələstinli məhbusun siyahısını dərc edib.

NƏRGİZ