"Biz Rusiyadan real alternativimiz olmadan imtina edirik" - David Ananyan
Ermənistan iqtisadiyyatı Rusiya iqtisadiyyatı ilə bağlıdır və ən azı beş sahədə Rusiya dominant tərəfdaş hesab olunur.
Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan Rusiya ilə münasibətlərin kəsilməsinin iqtisadi nəticələrini dəyərləndirərkən deyib.
“Bu gün birbaşa xarici investisiyaların təxminən 70%-i Rusiya kapitalıdır. İki strateji infrastruktur vahidi - qaz və elektrik Rusiya kapitalı ilə işləyir. Yəni birbaşa xarici investisiyaların həcminə görə Rusiya birinci yerdədir.
Rusiya həm də xarici ticarət göstəricilərinə görə 1-ci tərəfdaşdır.
Eyni şey turizm sektoruna da aiddir: Rusiya vətəndaşları, xüsusən də Rusiya-Ukrayna müharibəsindən sonra Ermənistanı kifayət qədər cəlbedici turizm məkanı hesab etməyə başladılar. Bu vəziyyət Ermənistanda turizm bumuna səbəb olub, lakin Ermənistana turist axınında ənənəvi olaraq rus turistlər aparıcı yer tutur.
Ermənistanın kənd təsərrüfatı məhsullarının əsas bazarı Rusiya olduğu üçün Ermənistanın kənd təsərrüfatı da Rusiya iqtisadiyyatı ilə bağlıdır.
Amma ən əsası, Ermənistanın enerji təhlükəsizliyi həm də Rusiya Federasiyasından asılıdır. Atom elektrik stansiyasının istismarı Rusiyanın RosAtom şirkəti ilə dövlətlərarası müqavilə əsasında həyata keçirilir. Bu Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsi ilə təhlükə altında olan başqa bir istiqamətdir. Mən əmin deyiləm ki, biz ənənəvi uran tədarükü mənbələrimizi tez bir zamanda əvəz edə biləcəyik”,- o, deyib.
Ananyanın fikrincə, əgər ölkə hakimiyyəti Rusiya ilə bağlı olmayan başqa geosiyasi qütbə keçmək qərarına gəlibsə, o zaman ilkin mərhələdə Rusiya iqtisadiyyatından asılı olan sahələri şaxələndirmək yollarını axtarmalı idi. Bunun üçün, məsələn, kənd təsərrüfatı məhsullarının Avropa standartlarına uyğunluğunu təmin etmək, istehsal həcmini artırmaq lazım idi ki, əlverişli anda bu məhsulları Avropa bazarlarına yönləndirmək mümkün olsun. “Bu, edilməyib. Edilibsə də, bu, kifayət qədər deyil və biz hələ də nəzərəçarpacaq nəticələri görməmişik”, - deyə o bildirib.
Ananyan həmçinin alternativ qaz tədarükünün təmin edilməsi və bütövlükdə enerji sektorunun şaxələndirilməsinin təmin edilməsi istiqamətində addımların olmadığını qeyd edib: “İqtisadiyyat məsələlərində emosiyalar yox, dəqiq hesablamalar nəzərə alınmalıdır. Azərbaycandan qazın alınması da daxil olmaqla, hər şey nəzərdən keçirilməlidir. Lakin bu məsələdə təkcə iqtisadi deyil, həm də siyasi hesablamaları əsas götürmək lazımdır. Bu bizə nə verəcək? Bu halda bizim regionda mövqeyimiz necə olacaq? Bu, artan müstəqillik səviyyəsini təmin edəcək, yoxsa vassal statusa gətirib çıxaracaq?” - Ananyan deyib.
Bu sahələrin əvvəlcədən hazırlanmadan və şaxələndirilmədən kəskin dönüş və vektorun dəyişdirilməsi real problemlərə və iqtisadiyyat üçün təhlükələrə gətirib çıxaracaq. “Biz alternativləri yaratmadan Rusiya ilə əməkdaşlıqdan imtina edirik. Ola bilsin ki, biz bu alternativlərin mövcud olacağına dair müəyyən vədlər və təminatlar almışıq. Amma bu vəd və təminatları da ayıq şəkildə qiymətləndirmək lazımdır: onların nə dərəcədə reallaşacağı və əslində bizim ənənəvi əlaqələrimizə real alternativ olub-olmamasını qiymətləndirmək lazımdır”, - Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri qeyd edib.
NƏRGİZ