İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək
İsrail Qəzza zolağında humanitar atəşkəsə dair razılaşma çərçivəsində bazar günü 39 fələstinli məhbusu azad edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Əl-Ənsari X sosial şəbəkəsində yazıb: “Humanitar atəşkəs razılaşmasının üçüncü gününə qədər uzanan öhdəliklərin yerinə yetirilməsi üçün Qəzzada saxlanılan 13 israillinin azad edilməsi müqabilində 39 fələstinli mülki şəxs bu gün azad ediləcək”.
XİN nümayəndəsi onu da qeyd edib ki, üç Tailand və bir Rusiya vətəndaşının azad edilməsi HƏMAS hərəkatı ilə vasitəçilər arasında razılaşmanın nəticəsidir. Əl-Ənsarinin sözlərinə görə, onların azad olunması humanitar atəşkəs sazişinə daxil deyil.
Bundan əvvəl, HƏMAS 13 israilli, 3 tailandlı və bir rusiyalının azad edildiyini açıqlamışdı.