Daha beş fransızın HƏMAS-ın girovluğundan azad edilməsi istiqamətində işlər gedir
Fransa Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının girovluğunda olduğu iddia edilən respublikanın qalan beş vətəndaşının azad ediləcəyinə ümid edir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu deyib.
"Biz ən gənc fransız girovlarının azad edilməsini təmin edə bildik. Bu yaxşı xəbərdir, biz indi daha beş fransız girovun azad olunması ilə bağlı diplomatik, siyasi və təhlükəsizlik işlərini davam etdiririk. Xatırlatmaq istərdim ki, onların arasında bir gənc qız da var”, - nazir CNEWS telekanalında bildirib.
O, əlavə edib ki, Fransa mübadiləni pozmamaq üçün girovların şəxsiyyəti ilə bağlı məlumatlarda ehtiyatlı olmağa üstünlük verir. O, həmçinin bildirib ki, HƏMAS tərəfindən əsir götürülən bir neçə fransızla bağlı Parisin “həyatda olduqlarına dair təsdiqi var”.
“Başa düşmək lazımdır ki, saxlanma şəraiti çox fərqlidir. Bundan əlavə, HƏMAS-ın mövcud atəşkəsi şübhə altına almaq üçün hansı bəhanədən istifadə edə biləcəyini bilmirik”, - Lekornu bildirib.
NƏRGİZ