Qırğızıstanda dövlət bayrağı dəyişdirildi

 10:04 29.11.2023     203

Qırğızıstan parlamentinin deputatları respublikanın dövlət bayrağının dizaynının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda bəyəniblər.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, qanun layihəsinin lehinə 66 xalq nümayəndəsi, əleyhinə isə cəmi 8 nəfər səs verib.

Spiker Nurlanbek Şakiyev və deputat Ulan Primovun dəstəyi ilə hazırlanan qanun layihəsində respublikanın dövlət bayrağının dizaynında qismən dəyişiklik nəzərdə tutulur. Xüsusilə, onun üzərindəki şüaların formasının “dalğavaridən günəş şüalarını aydın xatırladan formaya” dəyişdirilməsi təklif edilir.

“Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi parlamentin Konstitusiya qanunvericiliyi, hökumət strukturu, məhkəmə-hüquq məsələləri və normativ hüquqi aktlar komitəsinin üzvləri tərəfindən bəyənilib.

Hazırda Qırğızıstan bayrağı qırmızı rəngli düzbucaqlı formada, üzərində sarı rəngdə yurdun təsviri və ondan müxtəlif istiqamətlərdə günəşin 40 dalğalı şüaları yayılır.

Qırğızıstanın dövlət bayrağının hazırkı variantı 1992-ci ilin martında respublika parlamentinin deputatları tərəfindən qəbul edilib və o vaxtdan bəri onun dizaynı dəyişməyib.

Həmidə İBRAHİMLİ