Putin Türkiyə ilə münasibətlərdən danışdı
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə tərəfdaşlığın ən yüksək səviyyədə olduğunu və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslandığını bildirərək, “Hər iki tərəf mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir” ifadələrini işlədib.
Redaktor.az xəbər verir ki, Putin Kreml Sarayında Rusiyada vəzifəyə başlayan 21 ölkənin səfirlərini, o cümlədən Türkiyənin Moskva səfiri Tanju Bilgiçi qəbul edərək etimadnamələrini qəbul edib və diplomatları təbrik edib.
Türkiyə ilə Rusiya arasındakı münasibətləri dəyərləndirən Putin bildirib ki, Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır:
"Hər iki tərəf mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir."
Prezident Rəcəb Tayyib Ərdoğanla daim təmasda olduğunu deyən Putin, bu təmaslar zamanı ikitərəfli münasibətlərlə bağlı bütün vacib məsələlərin müzakirə edildiyini qeyd edib:
"Xüsusilə qeyd etmək istərdim ki, enerji sahəsində Rusiya-Türkiyə əməkdaşlığı həqiqətən də strateji xarakter daşıyır. "Rosatom" (Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası) Türkiyədə ilk Akkuyu atom elektrik stansiyasının tikintisini davam etdirir. “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində təbii qaz sektorunda sıx əməkdaşlıq qurulub. Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması istiqamətində işlər davam edir. Ticarət və yüksək texnologiyalar sahələrində də çoxlu maraqlı layihələrimiz və əməkdaşlıqlarımız var."