İrlandiya və BƏƏ Qəzzada atəşkəs haqqında qətnamə irəli sürəcək

 13:44 08.12.2023     358

İrlandiya BƏƏ ilə birlikdə Fələstin-İsrail münaqişəsinə dair humanitar qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxaracaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər və Müdafiə naziri Mişol Martin məlumat verib.

"İrlandiya bu gün BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı birgə qətnaməni irəli sürəcək. Bu qətnamədə təcili humanitar atəşkəs, mülki şəxslərin müdafiəsi, beynəlxalq hüquqa hörmət, ilkin şərt qoyulmadan girovların dərhal azad edilməsi və təcili humanitar yardımın təmin edilməsi tələb olunur. Şura hərəkətə keçməlidir", - Martin X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Bu həftənin əvvəlində BƏƏ Fələstin-İsrail münaqişəsinə dair humanitar qətnamə layihəsini cümə günü səsə qoyulmaq üçün  Təhlükəsizlik Şurasına göndərib. Cümə axşamı ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud jurnalistlərə bildirib ki, Birləşmiş Ştatların fikrincə, BMT Təhlükəsizlik Şurasında Qəzza zolağı ilə bağlı yeni sənədlərin qəbulu indiki vəziyyətdə faydalı olmayacaq.

NƏRGİZ