Qırğızıstan və Tacikistan RAZILAŞDI

 10:53 14.12.2023     190

Qırğızıstan və Tacikistan arasında dövlət sərhədinin 47 km-dən çox hissəsi razılaşdırılıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflərin mütəxəssisləri və rəsmilərindən ibarət işçi qrupunun dekabrın 8-14-dək Qırğızıstanın Batken vilayətinin Batken şəhərində keçirilən birgə iclasında dövlət sərhədinin daha 47 km-ni razılaşdırılıb. Görüşdən sonra uyğun protokol imzalanıb.

Məlumata görə, növbəti görüşün Tacikistan ərazisində keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Bir müddət əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bildirmişdi ki, Bişkek və Düşənbə artıq iki ölkə arasında sərhəd xəttinin təxminən 90 faizi barədə razılığa gəliblər. Qeyd edək ki, iki ölkə arasında dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir. Sərhədlərin qeyri-müəyyənliyi yerli sakinlər və hərbçilər arasında dəfələrlə qarşıdurmaya səbəb olub. 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi münaqişə baş verib, ölənlər olub.

Məlumata görə, Qırğızıstan Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla həmsərhəddir. Yalnız Tacikistanla sərhədin delimitasiyası və demarkasiyası prosesi başa çatmayıb.