Şolz Ukraynaya görə Orbana getməyi təklif etdi

 11:12 15.12.2023     245

Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarının başlanması ilə bağlı müzakirələr zamanı Almaniya kansleri Olaf Şolz Macarıstanın baş naziri Viktor Orbana gözlənilməz məsləhətlər verib.

Redaktor.az "Politico"ya istinadən xəbər verir ki, üç saatlıq müzakirədən sonra Aİ-yə üzv ölkələrin liderləri Ukrayna ilə danışıqlara başlamaqla bağlı konsensusa gələ bilməyiblər, Şolz görüş iştirakçılarının əksəriyyəti ilə razılaşmayan Orbanın danışıqlar otağını tərk etməsini təklif edib.

"Bəlkə siz qəhvə götürüb otaqdan kənarda içəcəksiniz", -deyə Şolz deyib.

Aİ-dəki mənbənin nəşrə verdiyi məlumata görə, Orban bundan sonra faktiki olaraq zalı tərk edib və iclasda qalan iştirakçılar Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlamaq qərarını təsdiqləyib, həmçinin Gürcüstana namizəd ölkə statusu veriblər.

Orbanın səsvermədə iştirak etməməsi onunla əvvəlcədən razılaşdırılıb – belə bir addım ona lehinə səs verməməyə imkan verib. Eyni zamanda, Orban veto hüququndan istifadə etməyib və Aİ-nin digər üzv dövlətlərinin qərarını əngəlləməyib.

Nəşr qeyd edir ki, dalana dirənmiş danışıqlar zamanı problemin belə həlli Avropa İttifaqı üçün son dərəcə qeyri-adi haldır. Mənbələr Şolzun ​​Orbana təklif etdiyi həll yolunun əvvəllər istifadə edilmədiyini deyib.

Nə namizəd ölkə statusu (Ukrayna və Moldovaya 2022-ci ilin iyununda verilib), nə də üzvlük danışıqlarının başlaması ölkənin tezliklə Aİ-yə daxil olacağı anlamına gəlmir. Belə ki, Türkiyə 1999-cu ildən, Şimali Makedoniya 2005-ci ildən, Monteneqro 2010-cu ildən, Serbiya isə 2012-ci ildən birliyə üzv olmağa namizəddir. Avropa İttifaqı sonuncu dəfə 2013-cü ildə genişlənib, Xorvatiya 10 illik danışıqlardan sonra ona qoşulub.

NƏRGİZ