Putin seçkilərdə namizədliyini irəli sürdü

 18:15 18.12.2023     278

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

"Bəli. Təqdim edib", - Peskov dövlət başçısının həqiqətən də dekabrın 18-də sənədləri MSK-ya təhvil verib-verməməsi ilə bağlı sualına cavab verib.

Qeyd edək ki, Putin özünün namizədliyini irəli sürür. Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında qanuna görə, bunun üçün o, azı 500 nəfərdən ibarət seçici qrupu yaratmalı idi. Qrup iclası dekabrın 16-da baş tutub və iştirakçılar yekdilliklə Putini dəstəkləyiblər.

MSK-ya təqdim edilən sənədlər toplusuna namizədin və bütün iştirakçıların şəxsi məlumatları göstərilməklə qrupun qeydə alınması üçün ərizə, iclasın protokolu, qrupun nümayəndələrinin siyahısı, namizədin öz namizədliyini irəli sürməyə razılıq verməsi barədə ərizə və bir sıra digər sənədlər var.

Onu da qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putindən 2024-cü il martın 15-dən 17-dək keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üçün tələb olunan sənədlər paketini qəbul edib.

Putindən sənədləri Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvü Konstantin Mazurevski və Mərkəzi Seçki Komissiyasının siyasi partiyalar və hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə şöbəsinin müdiri Olqa Qolovanova qəbul edib. Prosedur başa çatdıqdan sonra tərəflər sənədlərin qəbulu haqqında protokol imzalayıblar. Putin seçkilərdə özünü irəli sürən namizəd kimi iştirak etmək niyyətindədir.

Turan İSMAYIL