Hindistanda parlamentin 92 deputatı iclaslardan kənarlaşdırıldı
Hindistan parlamentinin Xalqlar Palatasının və Dövlətlər Şurasının 90-dan çox üzvü qanunverici orqanın işini pozduqları üçün qış sessiyasının sonuna qədər iclaslarda iştirakdan kənarlaşdırılıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, ümumilikdə 92 müxalifət parlamentarisi (yuxarı palatadan 45, aşağı palatadan 47) dekabrın 13-də iki naməlum şəxsin aşağı palataya daxil olaraq qaz çilədiyi insidentlə bağlı Hindistanın daxili işlər naziri Amit Şahdan hesabat tələb edib.
Dövlətlər Şurasının sədri Caqdeep Dhankar deputatları sakitləşməyə çağırsa da, onlar sədrə qulaq asmayıblar. Bundan sonra hakim Hindistan Xalq Partiyasının nümayəndələri həmkarlarının iclaslarda iştirak hüququndan məhrum edilməsinə səs veriblər.
Hindistan parlamentinin qış sessiyası dekabrın 4-də başlayıb və dekabrın 22-dək davam edəcək. Xalq Palatasının 545, Dövlətlər Şurasının isə 245 üzvü var. Hər iki palatada hakim Hindistan Xalq Partiyası çoxluğa malikdir. (report)