İsrail HƏMAS-ın əsas maliyyəçisinin məhv edildiyini açıqladı

 15:14 19.12.2023     211

İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah şəhərində radikal Fələstin HƏMAS hərəkatının əsas maliyyəçisini məhv edib. İsrail hökumətinin fikrincə, o, təşkilatın silahlı qanadına on milyonlarla dolların köçürülməsini təmin edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Sübhi Firuana mühüm maliyyəçi olub. Qardaşı ilə birlikdə son bir neçə ildə HƏMAS terror təşkilatına və onun Qəzza zolağındakı silahlı qanadına valyuta mübadiləsi şirkəti olan Hamsat vasitəsilə on milyonlarla dolların köçürülməsində iştirak edib”, - məlumatda deyilir.

Məlumata görə məhv edilən şəxs ən mühüm maliyyəçilərdən biri idi və müharibə üçün lazım olan vəsaiti HƏMAS-ın hərbi qanadına köçürə bilib: "Firuana müharibə zamanı HƏMAS-ın hərbi qanadına vəsait köçürürdü və bilirdi ki, bu vəsait qanadın döyüş qabiliyyətini saxlamaq üçün həyati əhəmiyyət kəsb edəcək. Bu vəsaitlər, digər məsələlərlə yanaşı, ordunu gücləndirmək, müharibə zamanı terrorçulara maaş vermək və HƏMAS-ı maliyyələşdirmək üçün istifadə edilib”, - deyə məlumatda əlavə edilib.

İsrail ordusunun məlumatına görə, HƏMAS İrandan və xaricdəki müxtəlif vəsait toplama mənbələrindən terror təşkilatına köçürülən vəsaitləri almaq üçün maliyyəçilərdən istifadə edir, valyuta mübadiləsi mütəxəssisləri beynəlxalq maliyyə qurumları ilə qarşılıqlı əlaqədən qaçaraq pulların yuyulması üsulları da daxil olmaqla pul köçürmələri həyata keçirirlər. 

NƏRGİZ