İsrail HƏMAS-a atəşkəs razılaşmasının yeni variantını təklif edib

 10:53 20.12.2023     212

İsrail tərəfi Fələstinin radikal HƏMAS hərəkatına atəşkəs razılaşmasının yeni variantını təklif edib: Qəzza zolağında saxlanılan 30-dan çox girovun azad edilməsi müqabilində bir həftəlik atəşkəs.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İsrail kəşfiyyat xidmətinin rəhbəri David Barnea bazar ertəsi Varşavada Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə apardığı danışıqlarda İsrailin sülh sazişi üzrə danışıqları bərpa etmək təşəbbüsünü təqdim edib. Barnea anklavdan 40-a yaxın insanın, o cümlədən qadınlar, 60 yaşdan yuxarı kişilər və təcili tibbi yardıma ehtiyacı olan girovların azad edilməsini təklif edib.

Mənbələr bildiriblər ki, onların azadlığa buraxılması müqabilində İsrail Qəzzada hərbi əməliyyatları ən azı bir həftə dayandırmağa, həmçinin əvvəlki razılaşma əsasında azad edilənlərdən daha ağır cinayətlərə görə məhkum edilmiş bəzi fələstinli məhbusları azad etməyə hazırdır.

Portal qeyd edir ki, bu, İsrail Müdafiə Qüvvələrinin HƏMAS-ı atəşkəsi pozmaqda və Qəzzada döyüşləri bərpa etməkdə günahlandırdığı dekabrın 1-dən bəri İsrailin həmkarlarına təqdim etdiyi ilk humanitar pauza təklifidir. Eyni zamanda Qətər gələcək atəşkəsə dair belə bir baxışla razılaşmadığını bildirib və bəyan edib ki, girovların azad edilməsi ilə bağlı danışıqlar yalnız İsrail anklav ərazisinə hücumları dayandırdıqdan sonra mümkün olacaq. "Axios" iddia edir ki, Qəzzada hərbi əməliyyatlara son qoyulması şərti HƏMAS-ın təslim olması və 7 oktyabr hadisələrinə görə məsuliyyət daşıyan liderlərinin İsrail tərəfinə təhvil verilməsidir.

Mənbə vurğulayır ki, İsrailin irəli sürdüyü şərtlər Qətər tərəfinin danışıqları bərpa etməyə hazır olmasına baxmayaraq, danışıqları xeyli çətinləşdirir.

Dekabrın 19-da İsrail prezidenti İsaak Hersoq bildirib ki, onun dövləti Qəzza zolağında növbəti humanitar fasiləyə və radikallar tərəfindən saxlanılan girovların azad edilməsini təmin etmək üçün anklav əhalisinə humanitar yardımın həcminin artırılmasına hazırdır, lakin bu məsələ tamamilə HƏMAS rəhbərliyindən asılıdır.

NƏRGİZ