ABŞ-da çirkab suların içilməsinə icazə verildi
Kaliforniya tənzimləyiciləri çirkab suyundan istifadəyə icazə verib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Hazırda duş və tualetlərdən təmizlənmiş su parklarda və oyun meydançalarında suvarma üçün istifadə olunur. Yeni qanun ondan içmək və yemək bişirmək üçün istifadə etməyə imkan verəcək. Emal olunduqdan sonra kanalizasiya suları evlərə, məktəblərə və müəssisələrə veriləcək.
Qeyd edək ki, Kaliforniya bu cür yenilikləri təsdiqləyən ilk ABŞ ştatı deyil. Oxşar tədbirlər Koloradoda artıq həyata keçirilir.
Əvvəllər oxşar layihələr rədd edilirdi, lakin yerli su anbarlarının tükənməsi kaliforniyalıları öz fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edib. Bir sıra ekstremal quraqlıqlar səbəbindən su anbarlarında suyun səviyyəsi kritik həddə çatıb.
Bildirək ki, bir müddət öncə Pekindən olan bir cütlük altı aydır səhvən təmizlənmiş çirkab su içdiklərini öyrənmişdilər. Onlar saç tökülməsi, sızanaq, öskürək və döş qəfəsində sıxılma hiss etməyə başlayıblar. Məlum olub ki, mənzildə təmir işləri düzgün aparılmadığından kanalizasiya borusu su xəttinə qoşulub.
NƏRGİZ