Rəisi-Paşinyan danışığının bütün detalları BƏLLİ OLDU
İran Prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Qafqazda bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmaqla kommunikasiyaların açılmasına yönəlmiş istənilən hərəkəti dəstəklədiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.
Raisi Ermənistan hökumətinin iki ölkə, eləcə də region ölkələri arasında avtomobil və dəmir yolu əlaqələrini inkişaf etdirmək planına cavab olaraq deyib:
“İran İslam Respublikası Qafqaz regionunda kommunikasiya kanalları və infrastrukturlarının açılması üçün istənilən hərəkəti və platformanı dəstəkləyir. Tehran bunu bütün ölkələrin milli maraqlarına, suverenlik və ərazi bütövlüyü prinsipinə hörmət etməklə yanaşı, sülhün möhkəmləndirilməsi və qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılan təsirli addım kimi qiymətləndirir”.
İbrahim Rəisi Ermənistan və İran arasında əlaqələrin inkişafından və razılaşmaların həyata keçirilməsindən məmnunluğunu bildirib.
O, Qafqazın sülhə ehtiyac duyduğu mühüm region adlandırıb.
“İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti qətidir. Hesab edirik ki, Qafqaz bölgəsinin regiondankənar dövlətlər üçün rəqabət meydanına çevrilməməsinə diqqət yetirilməlidir. Onun bütün problemləri kənardan müdaxilə olmadan region dövlətləri tərəfindən həll edilməlidir”, - İran prezidenti vurğulayıb.
İbrahim Rəisi Tehranda “3+3” formatında görüşün keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də region ölkələri arasında münasibətlərin tənzimlənməsi istiqamətində konstruktiv addım kimi qiymətləndirib.
Məlumata görə, baş nazir Paşinyan da öz növbəsində İran və Ermənistanın yüksək rütbəli rəsmiləri arasında təmasların davam etməsini və artmasını hər iki ölkənin ikitərəfli münasibətləri tam inkişaf etdirmək iradəsi kimi qiymətləndirib.
Bundan əvvəl Ermənistanın baş nazirinin dəftərxanası həmsöhbətlərin Ermənistan-İran münasibətlərinin gündəliyində duran məsələləri və ikitərəfli razılaşmaları müzakirə etdiyini bildirib.