"ABŞ artıq bütün dünyaya istədiyi nizamı tətbiq edə bilməz" - İran
"Birləşmiş Ştatlar hakimiyyəti etiraf edir ki, formalaşmaqda olan çoxqütblü dünya düzənində onlar artıq öz nizamlarını beynəlxalq arenada digər oyunçulara tətbiq edə bilmirlər".
Redaktor.az " İSNA" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib.
"Əgər amerikalılar əvvəlki illərdəki kimi davransaydılar, öz nizamlarını güc yolu ilə tətbiq edə bilərdilər. Lakin indiki şəraitdə birtərəfli dünya nizamının yaradılmasına yanaşmanın tənəzzülə uğradığını anlayırlar. Bir neçə aktorun iştirakını nəzərə alsaq, beynəlxalq arenada onlar öz maraqlarını hər kəsə sırımaq iqtidarında deyillər”, - Bageri Kani deyir.
İranlı diplomat deyib: “İsrail Müdafiə Qüvvələrinin müharibə cinayətlərini davam etdirməsi və onların ABŞ hakimiyyəti tərəfindən dəstəklənməsi Vaşinqtonun beynəlxalq ictimaiyyətə istədiyi nizamı tətbiq edə bilməməsinin təzahürlərindən biridir”.
Onun sözlərinə görə, indi bütün dünya və Fələstin xalqı Amerikanın dünya düzənini qəbul etmək üçün öz maraqlarından əl çəkməyə hazır olmadığını açıq şəkildə nümayiş etdirib və ABŞ-ın eqoist yanaşmasına müqavimət göstərirlər.
Baqiri Kani əlavə edib ki, yalnız çoxqütblü dünya nizamı ABŞ-ın tətbiq etdiyi sistemə məntiqli və düzgün alternativ ola bilər.
NƏRGİZ