"İrəvanda hakimiyyətin etdikləri cibgirlikdir" - Manuk Sukiasyan
Yeni ilin ilk günü total qiymət artımı çağırılmamış qonaq kimi İrəvan sakinlərinin qapısını döyəcək.
Redaktor.az "sputnik armenia"ya istinadən xəbər verir ki, bu barədə İrəvan Ağsaqqallar Şurasının “Ana Ermənistan” fraksiyasının rəhbəri Manuk Sukiasyan bildirib.
“Ana Ermənistan” fraksiyası yanvarın 1-dən sonra planlaşdırılan qiymət artımının qarşısını almaq üçün dekabrın 26-da saat 9-dan küçələrə çıxacağını bəyan edib. Bu gün şura iclasının gündəliyinə parkinq haqlarının və qırmızı xətlərin 13 dəfə artırılması layihəsi ilə yanaşı, bir sıra yerli vergi və ödənişlərin artırılması məsələləri də daxil edilib.
Manuk Sukiasyanın sözlərinə görə, onların əvvəlki günlərdə keçirdiyi etiraz aksiyaları göstərdi ki, İrəvan sakinlərinin əhəmiyyətli hissəsi yanvarın 1-dən qüvvəyə minəcək qiymət artımından xəbərsizdir.
Onun sözlərinə görə, yalnız İrəvanın mərkəzini maliyyə terroruna məruz qoymaqla problemi həll etmək mümkün deyil - bu, yalnız sosial təbəqələşməyə səbəb olacaq.
“Hakimiyyətin gördüyü sırf cibgirlikdir, bu, İrəvan sakinlərinin cibinə girmək, onların gəlirlərini hesablamaq və qırmızı xətlərə görə onları 13 dəfədən çox vergi ödəməyə məcbur etmək deməkdir... Üstəlik, bu qırmızı xətlər xidmət deyil, sadəcə olaraq çəkilmiş qırmızı xəttdir. Şəhər hakimiyyəti İrəvan sakinlərinə deyir: necə deyiriksə, elə də olacaq”, - Sukiasyan qeyd edib.
Şura üzvü dekabrın 26-da İrəvan meriyasının binasının girişində mitinq keçirəcəklərini bildirib.
NƏRGİZ