Cənubi Koreya bu məhsulların Rusiyaya daşınmasını qadağan etdi

 10:54 26.12.2023     213

Cənubi Koreya hakimiyyəti Rusiya və Belarus ərazisinə daşınması qadağan edilən məhsulların siyahısını kəskin şəkildə genişləndirib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Asiya ölkəsinin Ticarət, Sənaye və Energetika Nazirliyinin məlumatlarına görə yenilənmiş siyahıya ümumilikdə 682 kateqoriya əlavə edilib, tədbirlər 2024-cü ilin əvvəlindən qüvvəyə minəcək.

Dəyişikliklərə görə ümumilikdə 1159 adda malın satışı qadağan edilib. Yenilənmiş siyahıya mühərrikinin həcmi 2 min kubsantimetrdən çox olan minik avtomobilləri daxildir. Eyni zamanda, qiyməti 50 min dollardan yuxarı olan avtomobillər əvvəllər məhdudiyyətlərə məruz qalırdı.

Departamentin məlumatına görə, Cənubi Koreya hakimiyyəti Rusiya və Belarusa ağır tikinti texnikası, akkumulyator batareyaları və aviasiya texnikası üçün komponentlərin tədarükünü də məhdudlaşdırıb. Nazirlik sanksiya tətbiq edilən məhsulların siyahısının kəskin şəkildə genişləndirilməsini bu növ məhsulların hərbi məqsədlər üçün istifadə olunma ehtimalının yüksək olması ilə izah edib. Bununla belə, departament bir sıra şərtlər yerinə yetirildikdə, məsələn, bildiriş qüvvəyə minməzdən əvvəl müqavilənin bağlanması, törəmə müəssisələrə tədarük kimi hallarda bir sıra istisnalar edib.

Cənubi Koreya hakimiyyəti dəfələrlə Rusiyaya daşınması qadağan edilən məhsulların siyahısını genişləndirib. Belə ki, 2023-cü ilin aprel ayının sonunda Asiya ölkəsinin Ticarət, Sənaye və Energetika Nazirliyi məhdudiyyətlər siyahısının 57-dən 798-ə qədər kəskin artdığını açıqlayıb. Daha sonra qadağaya qiyməti 50 min dollardan çox olan avtomobillər üçün komponentlər və ehtiyat hissələri, həmçinin konduktorlar, kvant kompüterləri və onlar üçün hissələr daxildir.

NƏRGİZ