Pentaqon ordunun ehtiyacları üçün vəsaitin tükənməsindən şikayətlənib
"Birləşmiş Ştatlar Ukraynaya irimiqyaslı hərbi yardım sayəsində boş qalan Amerika arsenallarını artırmaq üçün Konqres tərəfindən əvvəllər ayrılmış pul ehtiyatını artıq tükəndirib".
Redaktor.az “The Washington Post”a istinadla xəbər verir ki, Pentaqonun sözçüsü polkovnik-leytenant Qarron Qarn bununla bağlı şikayət edib.
“İndi mövcud balans bizim sorğularımızın miqyasına uyğun gəlmir, biz qərarların daha geniş strateji hədəflərə uyğun olmasını təmin etmək üçün gələcək nəticələri daha diqqətlə qiymətləndirəcəyik. Əlavə maliyyə olmasa, ordu hərbi təchizatın doldurulmasında çatışmazlıqlarla üzləşəcək və bu da öz növbəsində bizim döyüş hazırlığımıza təsir göstərəcək”, - deyə ABŞ ordusunun yüksək rütbəli hərbçisi qeyd edib.
Dekabrın 27-də ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Ukraynaya bu ilin sonuncu hərbi yardım paketinin 250 milyon dollar dəyərində ayırdığını bəyan edib. Qeyd edilir ki, yeni yardım paketinin Konqresdə təsdiqini gözlədiyi bir vaxtda ABŞ-ın Ukraynaya yardım üçün xəzinədə artıq vəsaiti yoxdur.
Həmidə İBRAHİMLİ