"İsrailin fələstinlilərə qarşı repressiyaları görünməyən həddə çatıb"

 14:14 28.12.2023     188

BMT işğal edilən İordan çayının qərb sahilində və Şərqi Yerusəlimdə/Qüdsdə insan haqlarının vəziyyətinin sürətlə pisləşdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ofisinin bu gün dərc etdiyi hesabatda bildirilib.

"BMT-nin İnsan Hüquqları Ofisi 2023-cü il oktyabrın 7-dən dekabrın 27-dək İsrailin cənubuna HAMAS və digər Fələstin silahlı qruplarının hücumlarından sonra Şərqi Yerusəlim/Qüds də daxil olmaqla, işğal olunmuş İordan çayının qərb sahilində 79-u uşaq olmaqla 300 fələstinlinin öldüyünü təsdiqləyib. Bunlardan 291 fələstinlini İsrail Təhlükəsizlik Qüvvələri, səkkiz fələstinlini isə israilli məskunlaşanlar öldürüb, bir fələstinli isə ya İsrail Təhlükəsizlik Qüvvələri, ya da məskunlaşanlar tərəfindən öldürülüb. Oktyabrın 7-nə qədər isə bu ərazidə artıq 200 fələstinli öldürülüb ki, bu, BMT-nin 2005-ci ildə qeydlər aparmağa başlamasından bəri bir ilin on ay ərzində ən yüksək rəqəmdir", hesabatda deyilir.

"Mən İsraili Fələstin əhalisinə qarşı israilli məskunlaşanların zorakılığına son qoymağa və İsrail Təhlükəsizlik Qüvvələri tərəfindən törədilən bütün zorakılıq hadisələrini araşdırmağa, Fələstin icmalarının hər cür zorakılığa qarşı effektiv müdafiəsini təmin etmək üçün təcili, aydın və təsirli addımlar atmağa çağırıram", - deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk hesabatın nəticələri ilə bağlı deyib.

Hesabatda qeyd olunur ki, "İsrail Təhlükəsizlik Qüvvələri Şərqi yerusəlim/Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 4700-dən çox fələstinlini, o cümlədən 40-a yaxın jurnalisti həbs edib.

"İsrail hakimiyyəti məskunlaşanların zorakılığını qəti şəkildə qınamalı və qarşısını almalı və həm onun təhrikçilərini, həm də günahkarlarını mühakimə etməlidir", - BMT-nin İnsan Haqları üzrə rəhbəri bildirib.

Hesabatda deyilir ki, oktyabrın 7-dən İsrail hakimiyyəti fələstinlilərin Şərqi Yerusəlim/Qüds də daxil olmaqla İordan çayının qərb sahili boyunca hərəkətinə ciddi və sistematik məhdudiyyətlər qoyub.

Ali Komissar İsraili BMT-nin İnsan Haqları Bürosuna ölkəyə giriş icazəsi verməyə çağırıb və əlavə edib ki, 7 oktyabr hücumları ilə bağlı oxşar hesabat verməyə hazırdır.