Livanın cənubunda iki avstraliyalı həlak olub

 14:38 28.12.2023     191

İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində iki Avstraliya vətəndaşı həlak olub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş prokuroru Mark Dreyfus məlumat verib.

"Bir gecədə Xarici İşlər Nazirliyi Livanın cənubunda hava hücumu nəticəsində iki Avstraliya vətəndaşının öldüyünü təsdiqləyib. Avstraliyanın Beyrutdakı səfirliyi tələb olunarsa, ailəyə konsulluq yardımı göstərməyə hazırdır", - o, mətbuat konfransında deyib.

Jurnalistin hökumətin hava hücumunun İsrail tərəfindən həyata keçirildiyini təsdiq edə biləcəyi ilə bağlı sualına Dreyfus müsbət cavab verib.

"Biz Livan hərəkatı Hizbullahın öldürülənlərdən biri ilə əlaqəsi olduğunu iddia edən bəyanatdan xəbərdarıq. Biz faktları müəyyənləşdirməyə çalışırıq", - Dreyfus davam edib.

O xatırladıb ki, Avstraliyada Hizbullah terror təşkilatı siyahısındadır və onunla əməkdaşlıq cinayətdir.

Dekabrın 27-də Livanın “Naharnet” xəbər portalı İsrail ordusunun bir gündə Livanın sərhəd bölgələrinə ən azı 250 mərmi atdığını bildirib. Öz növbəsində Hizbullah bir gündə iki döyüşçünü itirdiyini bəyan edib. Mülki Müdafiə Xidmətinin bir xilasedicisi də həlak olub. Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 8-dən İsrailin hücumları nəticəsində respublikanın cənubunda 32 mülki şəxs və 128 Hizbullah döyüşçüsü öldürülüb.

NƏRGİZ