Hərbi xidmət yenidən məcburi ola bilər
Serbiyada hərbi xidmət 13 ildən sonra yenidən məcburi ola bilər.
Redaktor.az xəbər verir ki, Serbiya Baş Qərargahı ölkənin üzləşdiyi təhlükəsizlik təhdidlərini əsas gətirərək 13 ildən sonra məcburi hərbi xidmətə qayıtmağı təklif edib.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviç bildirib ki, təklif məcburi hərbi xidmətin 4 aydan çox olmamasını nəzərdə tutur və Serbiyanın məcburi hərbi xidmətin ləğvindən 13 il sonra yenidən bu təcrübəyə ehtiyacı yaranıb.
“Təhlükəsizlik ehtiyaclarımız dövlətimizi müdafiə etməyə hər zaman hazır olacaq yeni əsgərlər tələb edir. Biz təhlükəsizlik risklərini başa düşürük. Bu, Serbiyaya xas vəziyyət deyil. Avropanın bir çox ölkəsi məcburi hərbi xidmətin bərpasını həyata keçirir”.
Serbiya prezidenti Vuçiç də son illərdə verdiyi açıqlamalarda məcburi hərbi xidmətə qayıtmağı nəzərdən keçirdiklərini açıqlayıb.
Qeyd edək ki, 2010-cu ildə Serbiya parlamenti tamamilə peşəkar hərbçilərdən ibarət orduya keçid və məcburi hərbi xidmətin dayandırılması barədə qərar qəbul edib.(publika)