Husilər bu ölkələri hədəf alacaqlarını bəyan etdi

 08:59 06.01.2024     249

Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün ABŞ-ın himayəsi altında yaradılan beynəlxalq koalisiyaya qoşulan hər bir dövlət Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilər) raket hücumlarına məruz qalacaq.

Redaktor.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində hərəkatın siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.

“ABŞ-ın yaratdığı koalisiyaya daxil olan istənilən dövlət naviqasiya təhlükəsizliyini itirəcək və raketlərimizin hücumu altında qalacaq”, - deyə əl-Husi vurğulayıb.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifah Mühafizə Əməliyyatı) əməliyyatına başlamaq niyyətlərini açıqlayıblar. Bu əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.