"Netanyahu hakimiyyəti saxlamaq üçün döyüşləri genişləndirə bilər"
ABŞ prezidenti Co Baydenin administrasiyası İsraillə Hizbullah hərəkatı arasında genişmiqyaslı hərbi münaqişənin qarşısını almaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bayden administrasiyası İsrail rəhbərliyinin Livanın şimalında mümkün hərbi əməliyyatın başlaması ilə bağlı bəyanatlarından narahat olub. Rəsmilər, İsrailin Baş naziri Benyamin Netanyahunun hökumətin tənqidi fonunda hakimiyyəti saxlamaq üçün döyüşləri genişləndirməyi düşünə biləcəyini irəli sürüblər.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken ölkə rəhbərliyi ilə qarşıdurmanın deeskalasiyası addımlarını müzakirə etmək üçün yanvarın 8-də İsrailə uçacaq.
"Bu münaqişənin Qəzza zolağından kənara yayılması heç kimin - nə İsrailin, nə bölgənin, nə də dünyanın maraqlarına uyğun deyil", - Dövlət Departamentinin sözçüsü əlavə edib.
Netanyahu daha əvvəl Livana Hizbullahın aktivləşməsinin dağıdıcı nəticələri barədə xəbərdarlıq etmişdi.
NƏRGİZ