Çin kəşfiyyatı ABŞ hökuməti daxilində agentlər yerləşdirir - Bir hərbçi saxlanıldı
ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçisi Wenhen Jao, həssas hərbi məlumatları Çin kəşfiyyatına satdığına görə Kaliforniya dairəsinin hakimi tərəfindən iki il müddətinə azadlıqdan məhrum edilib.
Redaktor.az xəbər verir ki, bu barədə New York Post yazır.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, təhlükəsizlik icazəsi olan Jao ABŞ Hərbi Dəniz Qüvvələrinin əməliyyat təhlükəsizliyi, hərbi təlimlər və mühüm infrastrukturun yerləşməsi ilə bağlı məlumatları gizli şəkildə Çinə ötürüb.
Jao keçən ilin oktyabrında 2021-ci ilin avqustundan 2023-cü ilin mayına qədər Port Huenemedəki Ventura County Dəniz Stansiyasında işləyərkən Çin kəşfiyyatçısından təxminən 15.000 dollar rüşvət aldığını etiraf edib.
Bundan əvvəl Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Kristofer Rey Çin kəşfiyyatının Amerika kəşfiyyatından üstünlüyünü etiraf edib. Onun sözlərinə görə, Vaşinqton Çin agentliklərinin şəxsi təmaslar vasitəsilə kəşfiyyat məlumatları toplamaq cəhdlərindən narahatdır. ABŞ rəsmilərinin sözlərinə görə, Çin kəşfiyyatı ABŞ hökuməti, eləcə də texnologiya şirkətləri və müdafiə sənayesi daxilində agentlər yerləşdirməyə çalışır.
NƏRGİZ