"Müharibədə fasilə yalnız Rusiyaya xeyir verəcək" - Zelenski

 17:41 11.01.2024     223

Ukrayna prezidenti Volodimir Zelenski Estoniyaya səfəri zamanı Rusiyaya qarşı hərbi əməliyyatların dayandırılmasına qarşı çıxıb və belə bir fasilənin yalnız Moskvanın xeyrinə olacağını deyib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransında Zelenski belə bir fasilənin silah ehtiyatlarını artıra biləcək Ukraynaya faydası olub-olmayacağı sualını cavablandırıb.

O qeyd edib ki, müharibəni bitirmək üçün siyasi dialoqa gətirib çıxarmayan atəşkəs Rusiyaya “yalnız kömək edəcək”, çünki onun sözlərinə görə, hazırda pilotsuz təyyarələr, artilleriya və raketlərin böyük çatışmazlığı yaşanır. Zelenskinin sözlərinə görə, Rusiya İran və Şimali Koreyadan silah almağa məcburdur, çünki onun öz istehsalını qurmağa “vaxtı yoxdur”.

“Biz bu çatışmazlıqların onların döyüş meydanında dayanıqlığına necə təsir etdiyini görürük. Fasilə vermək? Risk etmək? Rusiyaya 2, 3 il vaxt vermək? O, sonra üstümüzə hücum çəkə bilər. Biz bu riskə getmərik”, – Zelenski bildirib.

Ukrayna prezidenti onu da qeyd edib ki, onun müşahidələrinə görə, Rusiya əhalisi tərəfindən Ukraynaya qarşı müharibəyə dəstək artmır. Onun fikrincə, ruslar bu müharibəni və özlərinə qarşı sanksiyaları hiss etməyə başlayıblar.

NƏRGİZ