"Amerika və Britaniya BMT Nizamnaməsinə uyğun olaraq husilərə zərbələr endirib"

 13:53 12.01.2024     266

ABŞ və Böyük Britaniyanın Yəməndəki hədəflərə zərbələri Ənsar Allah hərəkatının husi üsyançılarının Qırmızı dənizdəki gəmilərə hücumlarının qarşısını almaq üçün həyata keçirilib və bu, BMT Nizamnaməsinə uyğundur.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində qeyd edib.

"Bir neçə həftədir ki, husilər Qırmızı dənizdə ticarət gəmilərinə və döyüş gəmilərinə aqressiv hücumlar edir və ekipaj üzvlərini girov götürürlər. Bu qanunsuz hücumlar bütün dünyada, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən pislənib", - Almaniya nazirliyinin bəyanatında deyilir. 

"ABŞ və Böyük Britaniyanın bugünkü cavabı gələcək hücumların qarşısını almaq üçün Yəməndə husilərin hərbi obyektlərinə qarşı yönəlib və BMT Nizamnaməsinə uyğundur", - Almaniya Xarici İşlər Nazirliyi bildirib. Eyni zamanda, nazirlik Almaniya hakimiyyətinin məqsədinin vəziyyəti yüngülləşdirmək və Qırmızı dənizdə sabitliyi bərpa etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə Britaniya və Amerika qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin Damar, Səada, Səna, Taiz və Hudeydə də daxil olmaqla bir sıra şəhərlərində Ənsar Allah hədəflərinə hücum edib. 

NƏRGİZ