İranın üç qalxanı zərbə altında - hədəfdə Yəmən yox, husilərdir

 14:57 12.01.2024     225

Son zamanlar husilər, Hizbullah və HƏMAS-ın adı Yaxın Şərqdə sabitliyin pozulmasında daha çox hallanır. Bu hərbi-siyasi qruplaşmaların atdıqları addımlar fəaliyyətlərinin əlaqəli olduğunu təsdiqləyir. HƏMAS və Livan Hizbullahı İsrailə qarşı müharibə aparır. Husilər isə bu fəaliyyətlərini daha çox Qırmızı dənizdə həyata keçirirlər. İran hakimiyyəti bu üçlüyü birmənalı şəkildə müdafiə edir. İsrail isə müttəfiqləri, əsasən də, ABŞ, Böyük Britaniya tərəfindən siyasi-hərbi, maddi cəhətdən dəstəklənir.

HƏMAS İsrailə qarşı müharibəyə başlayandan sonra husilər və Hizbullah da prosesə qoşulduğunu açıqlayıb. Husilər İsrail ərazisi istiqamətində raketlər atmaqla yanaşı, Qırmızı dənizdə pirat kimi davranır. ABŞ-nin başçılıq etdiyi koalisiya adıçəkilən qruplaşmaların addımlarına qarşı cavab tədbirləri görüb. ABŞ Mərkəzi Komandanlığı Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Aleksus Qrinkeviç bildirib ki, İranın dəstəklədiyi Ənsarullahın (husilər) Yəmənin 5 şəhərindəki 16 obyektində 60-dan artıq hədəfə zərbə endirilib.

ABŞ Prezidenti Cozef Bayden hadisə ilə bağlı açıqlamasında bildirib ki, bu hücumlar Birləşmiş Ştatların hərbi heyətinin, müttəfiqlərinin, tərəfdaşlarının, mülki dənizçilərin həyat və əmlakını təhlükəyə atıb, ticarəti pozub və naviqasiya azadlığını təhdid edib. Onun sözlərinə görə, husilər 50-dən çox ölkənin beynəlxalq ticarət gəmisinə 27 dəfə hücum həyata keçirib. ABŞ Prezidenti qeyd edib ki, piratçılıq aktları nəticəsində 20-dən çox ölkədən olan ekipajlar hədələnib və ya girov götürülüb, 2 000-dən çox gəmi Qırmızı dənizdən keçməmək üçün minlərlə mil məsafəni dəyişmək məcburiyyətində qalıb. C.Bayden həmçinin vurğulayıb ki, bu, ərzaq daşınmasında həftələrlə gecikmələrə səbəb ola bilər. Yanvarın 9-da husilər indiyədək ən böyük hücumu həyata keçiriblər.

Ötən gün isə BMT Təhlükəsizlik Şurası Yəməndəki husi qiyamçılarının Qırmızı dənizdə hücumlarını pisləyən qətnamə layihəsini qəbul edib. Şuranın 11 üzvü sənədin lehinə səs verib, 4 ölkə, o cümlədən Rusiya, Çin və Əlcəzair bitərəf qalıb. Habelə husilər BMT-nin “Dəniz hüququ haqqında Konvensiya”sını, Ciddə Birləşmiş Konvensiyasının müddəalarına zidd addımlar atıb. Bu kimi məsələlər Yəməndə husilərin mövqelərinə havadan zərbələrin endirilməsinə, eləcə də bu siyasi-hərbi birləşmənin davranışını piratçılıq adlandırılmasına əsas verib. Yəmənin böyük hissəsinə nəzarət etsələr də, husilərin “İnqilab Şurası” BMT, ABŞ, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələri və başqaları tərəfindən tanınmır. Bu onun fəaliyyətinin qeyri-legitim olduğunu deməyə əsas verir. Başqa sözlə, husilər Yəməni işğal etmiş qanunsuz qüvvə sayılır. 2022-ci il aprelin 7-dən ölkədə Prezident yanında İdarəetmə Şurası və Ali Siyasi Şura da mövcuddur.

Bu şərait Yəməndə legitim hakimiyyətin olmadığını deməyə də əsas verir. Odur ki, ölkə ərazisindən Qırmızı dənizdə xarici dövlətlərin gəmilərinə hücumlar, İsrailə raket atəşləri terror aktı kimi də dəyərləndirilə bilər. İran iddia edib ki, ötən gecə keçirilən əməliyyat Yəmənin suverenliyinin pozulmasıdır. Ancaq husilərin Qırmız dənizdə törətdiyi qanunazidd əməllər, beynəlxalq ictimaiyyət tərəfindən hakimiyyətinin tanınmaması, habelə terrorçuluq fəaliyyəti bu aksiyanın keçirilməsinə haqq qazandırır.

Məsələnin başqa tərəfi isə BMT Təhlükəsizlik Şurasında qiyamçılarla bağlı qətnaməyə səsvermə zamanı Rusiya və Çinin tərəfsiz qalmasıdır. Bu, Pekin və Moskvanın husilərə münasibətinin göstəricisi də sayıla bilər. Çünki onlar Çin və Rusiyanın ticarət tərəfdaşlarına da ziyan vururlar. Odur ki, bu ölkələr siyasi maraqlarını iqtisadi mənfəətlərinə güzəştə getmədilər. Belə bir şərait isə İranın regionda husilərin müdafiəsi cəbhəsində tək qoyulması anlamına gəlir.

Husi liderləri isə bu hücumlara qarşılıq verəcəklərini bəyan edirlər. Belə qənaətə gəlmək olar ki, HƏMAS-İsrail cəbhəsində görünməyən Qərb Yəməndə piratlara qarşı gücünü və birliyini nümayiş etdirir. Husi HƏMAS-ı niyə müdafiə edir? Çünki bunu İran hakimiyyəti istəyir. Bu, siyasi maraqdır. HƏMAS-dan sonra hədəfdə də husilər və Hizbullah ola bilər. Deməli, HƏMAS-ı müdafiə etməklə onlar həm də özlərini qoruyurlar. Onların sıradan çıxması isə İran hakimiyyətinin bölgədən qovulması ilə yekunlaşar. BMT TŞ-nin məlum qətnaməsinə səsvermənin gedişinə əsasən, ehtimal etmək olar ki, Qırmızı dənizdə husilərin piratçılıq fəaliyyətini İran müdafiə edəcək. Bu isə perspektivdə onun regionda təklənməsi ilə nəticələnə bilər. Ona görə də İran hakimiyyəti regionda müharibənin genişlənməsi və şiddətlənməsinə çalışır. Başqa sözlə, husilər onun regionda ABŞ və İsraillə bağlı maraqlarına qarşı istifadə etdiyi silahdır. Rəsmi olmayan mənbələrin iddiasına əsasən, Yəməndəki qiyamçıların fəaliyyətinə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei birbaşa nəzarət edir. Bu iddianın doğruluğundan asılı olmayaraq, husilərə, HƏMAS-a, Hizbullaha açılan hər güllə isə Tehran rejiminin maraqlarına dəyir. Bu baxımdan İran hakimiyyəti növbənin ona çatmaması üçün ön cəbhədə tutduğu qüvvələrə görünən dəstəyini, bilinməyən yardımını artırır. Husilər, HƏMAS və Hizbullah indiki halda İranın üç qalxanı rolundadır.

Sədrəddin SOLTAN