İtaliya ABŞ və Britaniyanın hücum təklifindən imtina etdi
Birləşmiş Ştatlar və Böyük Britaniya İtaliyaya Ənsar Allah hərəkatının Yəmən husi üsyançılarının hədəflərinə zərbə endirməkdə iştirak etməyi təklif etsə də, respublika hakimiyyəti bundan imtina edib.
Redaktor.az xəbə verir ki, bu barədə “Reuters” ölkə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin qeyd etdiyi kimi, hücumlara qoşulmaq üçün İtaliyanın parlamentin təsdiqinə ehtiyacı olacaq və bu, vaxt aparacaq. Mənbə vurğulayıb ki, respublika hərbi qarşıdurmadan qaçaraq Qırmızı dənizdə “sakitləşdirici” siyasət yürütmək niyyətindədir.
Bildirək ki, Amerika prezidenti Co Bayden ABŞ və Böyük Britaniyanın yanvarın 12-nə keçən gecə Yəməndəki üsyançıların mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar. ABŞ Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.
NƏRGİZ