Partiyaların bütün tədbirləri təxirə salındı
Türkiyədə siyasi partiyaların yanvarın 14-ə nəzərdə tutulan bütün tədbirləri təxirə salınıb.
Redaktor.az xəbər verir ki, tədbirlər Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı türk əsgərlərinin şəhid olması səbəbindən başqa tarixə keçirilib.
Ertələnən tədbirlərə bu il martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə partiyaların namizədlərinin açıqlanması mərasimləri də daxildir.
Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bu gün saat 14:30-da Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində ölkənin təhlükəsizlik şurasının toplantısı keçiriləcək.
Toplantıda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcəklər.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun rəsmi “X” hesabında açıqlama verib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub.