Ermənistan bu məsələni Türkiyə ilə razılaşdıracaq

 12:38 13.01.2024     255

“Araz çayını əvvəlki məcrasına qaytarmaq üçün orada bəndin tikintisi layihəsi, lazım gələrsə, Türkiyə ilə razılaşdırılacaq”.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Mətbuat xidməti bildirib.

“Hazırda layihə sənədlərinin Rusiya Sərhəd Qoşunlarının rəhbərliyi ilə, lazım gələrsə, Türkiyə tərəfi ilə razılaşdırılması üzrə müzakirələr aparılır. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq”, - məlumatda deyilir.

Müqavilə və layihə sənədlərinə əsasən, tikinti işlərinin müddəti 16 ay olacaq.

Daha əvvəl verilən xəbərə görə, bəndin tikintisi 1 milyon dollara yaxın məbləğə başa gələcək.

Xatırladaq ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 ha ərazisi olan ada yaranıb. Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün çayın hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib.