Tayvan rəhbəri 32 min dollar cərimələnə bilər
Tayvan administrasiyasının hazırkı rəhbəri Tsay İnven “Line” sosial şəbəkəsindəki rəsmi hesabında yerləşdirdiyi yazıda qanunsuz təşviqat aparmaqda ittiham edilib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın TVBS telekanalı məlumat yayıb.
Məlumata görə, o, bu gün səhər saatlarında Sinbey şəhərindəki ibtidai məktəbdə səs verib və seçki qutusunun yanında bülletenlə çəkdirdiyi fotosunu yerləşdirib.
“Mən indicə səs verdim, ümid edirəm ki, hamı tezliklə evdən çıxıb səs verəcək”, - o yazıb.
Amma paylaşımda Tsay İnvenin müavini, eləcə də Demokratik Tərəqqi Partiyasından olan həmkarı Lay Tsindenin seçki kampaniyasının şüarı ilə fotosu da yer alıb.
İnternet istifadəçiləri bunu seçki günü təşviqat aparılmasını birbaşa qadağan edən seçki qanununun pozulması hesab ediblər.
Qeyd edək ki, dünən Tayvanın Mərkəzi Seçki Komissiyası seçki günü sosial şəbəkələrdə, o cümlədən “Line” və “Facebook”da təşviqat xarakterli paylaşımlara görə namizədlərin böyük cərimələrlə üzləşə biləcəyini açıqlamışdı. Fiziki şəxslər üçün onun ölçüsü 1 milyon Yeni Tayvan dollarına (təxminən 32 min ABŞ dolları), siyasi partiyalar və seçki kampaniyasının təşkilatçıları üçün isə 2 milyon Yeni Tayvan dollarına (64 min ABŞ dolları) çata bilər.