Britaniyanın müdafiə naziri Husilərlə bağlı İrana xəbərdarlıq etdi
Britaniya və ABŞ-ın Tehranın dəstəklədiyi Husi üsyançılarına qarşı hava zərbələri endirməsinin ardınca Britaniyanın müdafiıə naziri Qrant Şapps İrana xəbərdarlıq edərək bildirib ki, dünyanın "səbri tükənir".
Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri "The Telegraph"a müsahibəsində bildirib.
Müdafiə naziri deyib ki, Tehran Husilərə və Yaxın Şərqdəki digər proksilərinə "dayan" deməli və onlara qırmızı xəttin keçildiyi barədə xəbərdarlıq etməlidir.
Nazir bildirib ki, onun İrana mesajı ondan ibarətdir ki, "Tehran Husilər, Hizzbullah, İraq və Suriyadakı proksilərini dayandırmalıdır, çünki həm Britaniyanın, həm də dünyanın səbri artıq tükənir. Biz sizi, nə etdiyinizi görürük. Bunu necə etdiyinizi görürük, xüsusən də Husi üsyançıları ilə birgə və bəyan edirik ki, bundan heç kimə bir fayda gəlməyəcək. Biz gəmiçilik vəziyyətinə görə, "HMS Diamond"a (Britaniya gəmisi - red) hücum edildiyinə görə özümüzü müdafiə edirik. İranın burada mühüm rolu var və bu ölkə, onun bölgədəki çoxsaylı proksiləri daha aydın şəkildə başa düşməlidir ki, bundan heç bir xeyir gəlməyəcək və bu yolda davam etsələr, hamı itirəcək.
Əsasən beynəlxalq daşımalara təcavüz edən, risklər yaradan quldurlara icazə verə bilmərik. İsrail-Qəzza münaqişəsində baş verənlərlə tamamilə əlaqəsi olmayan tamamilə günahsız insanların ölümünün olması yalnız zaman məsələsidir", müdafiə naziri vurğulayıb.
"Düşünürəm ki, biz beynəlxalq su yollarında naviqasiya azadlığının mütləq təminatlı hüquq olduğunu çox açıq şəkildə ifadə etdik.
Biz bütün xəbərdarlıqları etmişdik və elə bir məqam gəlir ki, siz sadəcə olaraq özünümüdafiə üçün hərəkət etməlisiniz, biz bunu etdik, çünki öz gəmimiz atəşə tutulurdu. Heç kim eskalasiya istəmir".
Britaniyalı nazir əlavə edib ki, hava hücumlarında iştirak edən Britaniya hərbçiləri xəsarət almayıb: "Hamısı bazaya qayıdıb və heç bir xəsarət almayıblar".
O deyib ki, hazırda 50-dən çox ölkə Husilərin yaratdığı bu vəziyyətdən təsirlənib: "Bu, İsrail-Qəzza münaqişəsi ilə bütün əlaqəni itirib və İran mütləq Husilərə həddən artıq irəli getdikləri mesajını verməlidir".
Husilərin geri çəkilməməsi sualına gəlincə, müdafiə naziri ümid etdiyini bildirib ki, Britaniya yenidən zərbə endirmək məcburiyyətində qalmayacaq.
"Beynəlxalq su yollarının gəmilərin keçməsi üçün çox təhlükəli olduğu bir situasiya ilə üz-üzə qala bilmərik. Aydındır ki, vəziyyəti nəzarətdə saxlayacağıq, lakin biz realistik və başa düşürük ki, olduqca məntiqsiz insanlarla qarşı-qarıyayıq."