Mask ABŞ prezidentliyinə iddiaçı Ramasvamini dəstəkləyir
İlon Mask ötən gün Respublikaçıların prezidentliyə namizədi, iş adamı Vivek Ramasvamiyə güvəndiyini bildirib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, SpaceX və Tesla-nın sahibi "X" sosial şəbəkəsində bir istifadəçinin Ramasvamiyə etibar edib-etməməsi ilə bağlı sualına müsbət cavab verib.
Bildirək ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə hazırkı Amerika lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlayıb. Onun sələfi Donald Tramp 2022-ci ilin noyabrında seçki mübarizəsinə qatılacağını açıqlamışdı və indi o, Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur. Onun rəqibləri arasında Ramasvamidən başqa Florida qubernatoru Ron DeSantis və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli də var.
Qeyd edək ki, “Newsweek” nəşri ötən ay dərc etdiyi yazıda ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvaminin seçki yarışından çıxa biləcəyini bildirmişdi. Yazıda deyilir ki, buna səbəb Donald Trampın Ağ Evə qayıdacağı təqdirdə Ramasvaminin vitse-prezident olmaq şansını artırmaqdır.
NƏRGİZ