"İngiltərə husilərə qarşı quru əməliyyatına başlamayacaq, lakin raket hücumları istisnadır - Rəsmi

 13:47 15.01.2024     227

Böyük Britaniya hökuməti Yəməndə Ənsar Allah üsyançı hərəkatı ilə mübarizə aparmaq üçün quru əməliyyatı keçirmək niyyətində deyil, lakin Husilərin hədəflərinə növbəti raket hücumları həyata keçirmək hüququnu özündə saxlayır.

Redaktor.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps məlumat verib.

“Bizim niyyətimiz Yəmənə getmək və ya bu cür hərəkətə keçmək deyil, sadəcə olaraq İranın dəstəklədiyi husilərə onların Qırmızı dənizdəki davranışlarının tamamilə qəbuledilməz olduğu barədə aydın, birmənalı mesaj verməkdir”, - deyə nazir "Sky News"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, London beynəlxalq sularda naviqasiya azadlığını müdafiə etməyə hazırdır.

Eyni zamanda, Şapps qeyd edib ki, Böyük Britaniya lazım gələrsə husilərin mövqelərinə təkrar zərbələr endirə bilər. "Əgər bizi növbəti addımlar atmağa məcbur etsələr, o zaman belə bir ssenariyə baxacağıq. Vəziyyəti diqqətlə izləyəcəyik. Onlar nəzərə almalıdırlar ki, dayanmasalar, o zaman biz də lazımi addımları atmalı olacağıq. Gözləyək və görək nə baş verir”, - o əlavə edib.

NƏRGİZ