"Bu addım cavabsız qalmayacaq" - Zaxarova Polşanı HƏDƏLƏDİ
"Varşavanın artıq orada yerləşən NATO qüvvələrinə əlavə olaraq Polşa ərazisinə alman hərbi hissələrini yerləşdirməyə hazır olması ilə bağlı bəyanatları alyans ölkələrinin qlobal rusofob kursunu və onların Avropada gərginliyi artırmaq istəyini nümayiş etdirir".
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 17-də keçirdiyi görüşdə bildirib.
Artıq Polşada 10 minə yaxın Amerika əsgəri yerləşdirilib. Diplomat bildirib ki, ABŞ, Britaniya, Rumıniya və Xorvatiyadan olan hərbçilərin daxil olduğu NATO-nun çoxmillətli döyüş taktiki qrupu da orada yerləşir.
“Aydındır ki, Polşa ərazisinə əlavə xarici qoşunların yerləşdirilməsi çağırışları, əgər bu ölkələr sülhyönümlüdürsə, zəruri deyil, yalnız Avropada gərginliyin səviyyəsini daha da artırmaq və vəziyyəti uzatmaq istəyi kimi qiymətləndirilməlidir”, - deyə Zaxarova bildirib.
O, həmçinin xatırladıb ki, 2023-cü ilin sonunda Almaniya və Litva Baltikyanı respublikada Bundesver kontingentinin sayını bir briqadaya qədər artırmaq haqqında saziş imzalayıblar.
"Görünür, Polşa liderləri Berlin və Vaşinqtondan olan böyük qardaşlarına sədaqət nümayiş etdirməkdə qonşularından geri qalmaq istəmirlər", - XİN sözçüsü əlavə edib.
Rusiya və Rusiya-Belarus İttifaq Dövlətinin sərhədləri yaxınlığında NATO və onun üzv ölkələrinin hərbi potensialının artması təxribat xarakterlidir və Avropa təhlükəsizlik arxitekturasının tamamilə deqradasiyasına gətirib çıxarır: "Bu addım Rusiya tərəfindən cavabsız qalmayacaq", - deyə Zaxarova yekunlaşdırıb.
Qeyd edək ki, yanvarın 15-də Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna bildirmişdi ki, Varşava bu ölkədə alman hərbçilərinin yerləşdirilməsinə razıdır. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında münaqişə onun şərq sərhədindən kənarda davam etdiyi bir vaxtda Polşa müttəfiqlərinin istənilən köməyi və əməkdaşlığı alqışlayacaq.
NƏRGİZ