"Qırmızı dənizdəki böhran qlobal ticarətin pozulmasına gətirib çıxaracaq"
Qırmızı dənizdə ticarət gəmilərinə Ənsar Allah hərbiləşdirilmiş qruplaşması tərəfindən raket hücumlarının artması səbəbindən qlobal ticarətdə, xüsusən də gəmiçilik şəbəkəsində ciddi pozulma riskləri yaxın gələcəkdə də davam edəcək.
Redaktor.az bu barədə Danimarkanın AP Moller-Maersk gəmiçilik və logistika korporasiyasının nümayəndələrinin bəyanatına istinadən xəbər verir.
Şirkət Qırmızı dənizdə gərgin geosiyasi vəziyyətin yaxın gələcəkdə də davam edəcəyini proqnozlaşdırıb. Bu fonda müştərilər yüklərin çatdırılma müddətlərində mümkün kütləvi pozuntulara hazır olmalıdırlar.
Eyni zamanda, Maersk problemli su sahəsində böhranın tez bir zamanda həllinə ümid etdiyini bildirib: "Biz tezliklə vəziyyətin davamlı həllinə ümid edirik və bunun üçün mümkün olan hər şeyi edirik".
Bildirək ki, bundan əvvəl “The Wall Street Journal” qəzeti Qırmızı dənizdə raket hücumları səbəbindən dəniz yüklərinin qiymətlərinin kəskin artdığını bildirmişdi. Sularda vəziyyətin pisləşməsi fonunda Çin və Rotterdam arasında konteyner daşıma tarifləri yanvarın əvvəlində bir həftə ərzində 115 faiz artaraq 3577 dollara yüksəlib. Bundan əlavə, risklərin artması və səyahət vaxtının əhəmiyyətli dərəcədə artırılması zərurətinə görə daşıyıcılar müştərilərdən əlavə ödənişlər almağa başlayıblar.
NƏRGİZ