Pakistan nümayəndə heyətinin üzvləri İranı tərk etdi

 14:12 18.01.2024     232

Pakistan nümayəndə heyətinin üzvləri İranın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində keçirilən iqtisadiyyat sərgisini tərk ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, İranın Pakistan ərazisinə raket hücumundan sonra Çabahar sərgisində iştirak edən Pakistan nümayəndə heyətinin üzvləri öncədən xəbərdarlıq etmədən ölkələrinə geri qayıdıblar.

Çabaharda keçirilən sərgidə İranın daxili işlər naziri Əhməd Vahidi, Prezident İbrahim Rəisinin bir neçə müavini və başqa yüksək rütbəli rəsmilər iştirak edirdilər.

Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb.

Bu gün isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 7 nəfər ölüb.