Qonşular yaşlı qadını timsahın ağzından xilas etdilər
Malayziyada kəndlilər timsahın hücumuna məruz qalan yaşlı kənd sakinini xilas ediblər.
Redaktor.az bu barədə yerli “The Star” nəşrinə istinadən xəbər verir.
Hadisə yanvarın 15-də Sabah ştatının Kampunq Damarane kəndində baş verib. 79 yaşlı qadın çaydan su götürərkən sürünən ona hücum edib: “Xoşbəxtlikdən yaxınlıqda başqa kənd sakinləri də var idi. Onlar timsahı qorxutmağa müvəffəq olublar”, - deyə polis sözçüsü bildirib.
Qurbanın həyatı üçün əsl döyüş baş verib. Qadına kömək etməyə tələsən qonşular iki qrupa bölünüb: bəziləri onu timsahın ağzından çıxarıb, digərləri isə əlləri və dəyənəkləri ilə döyüblər. Nəticədə onlar həmkəndlisini yırtıcıdan geri ala biliblər.
Bundan sonra kənd sakinləri onu təhlükəsiz yerə apararaq həkimləri çağırıblar. Onlar qadının qollarında və ayaqlarında ciddi kəsiklər olduğunu aşkar ediblər. Qadın xəstəxanaya aparılıb. İndi onun həyatı üçün təhlükə yoxdur.
Kəndin yaxınlığında aqressiv timsahın olması barədə yerli vəhşi təbiət departamentinə xəbərdarlıq edilib və ona qarşı lazımi tədbirlər görməyə başlanılıb.
NƏRGİZ